
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropa
regionunda əksər insanlar həddindən artıq çox duz istifadə edir və
30-79 yaş arası hər üç yetkin şəxsdən biri hipertoniyadan, yəni
yüksək qan təzyiqindən əziyyət çəkir.
Trend xəbər
verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun “Duzla və
hipertoniya ilə mübarizə” mövzusunda hesabatında deyilir.
Məlumata əsasən, yüksək duz qəbulu infarkt və insult kimi
ürək-damar xəstəlikləri (ÜDX) riskinin əsas faktoru olan qan
təzyiqini artırır.
“ÜDX Avropa regionunda əlilliyin və erkən ölümün əsas səbəbidir.
Belə ki, hər il ölüm hallarının 42,5 faizdən çoxu buna görə baş
verir. Bu, o deməkdir ki, hər gün 10 min nəfər bu səbəbdən ölür.
Regionda kişilər arasında ÜDX səbəbindən ölüm ehtimalı qadınlarla
müqayisədə təqribən 2,5 dəfə yüksəkdir. Həmçinin, coğrafi fərqlilik
də mövcuddur – Şərqi Avropada və Mərkəzi Asiyada cavan yaşda (30-69
yaş) ÜDX səbəbindən ölüm ehtimalı Qərbi Avropa ilə müqayisədə
təqribən 5 dəfə yüksəkdir”, – hesabatda deyilir.
ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Henri P.Klyuge
qeyd edib ki, ÜDX və arterial hipertenziyanın mühüm dərəcədə
qarşısı alına və nəzarət oluna bilər.
“Hər il xüsusən ÜST regionumuzun şərq hissəsində ilk növbədə
kişilər arasında olmaqla, dörd milyon nəfər ÜDX səbəbindən vəfat
edir. Faktlar belədir, lakin biz bunu dəyişə bilərik. Biz nəyin işə
yaradığını bilirik, lakin zaman keçdikcə faktiki məlumatlara
əsaslanan yanaşmaları tətbiq edə bilmirik ki, bu da qarşısı alına
bilən ölüm hallarının qeyri-məqbul dərəcədə yüksək səviyyəsi ilə
nəticələnir. Duzdan istifadənin 25 faiz azaldılması üzrə
məqsədyönlü siyasətin həyata keçirilməsi qiymətləndirmələrə görə,
2030-cu ilədək 900 min insan həyatını ÜDX-dən xilas edə bilər”, – o
deyib.
Bundan başqa, tədqiqatda qeyd olunur ki, Avropa regionunun
təqribən bütün ölkələrində (53 ölkədən 51-də) duzun gündəlik
istifadəsi ÜST tərəfindən tövsiyə olunan maksimum səviyyədən
gündəlik 5 qram (təqribən 1 çay qaşığı) çoxdur.
“Yüksək qan təzyiqi Avropa regionunda ölüm hallarının və
əlilliyin aparıcı risk faktoru olmaqla, ölüm hallarının təqribən
dörddə birinə və əlillik hallarının 13 faizinə səbəb olur. Bu, bir
qayda olaraq, simptomsuz gedişata malik olur və nəzarət olunmadığı
təqdirdə ürək tutmaları və insult kimi potensial olaraq məhvedici
təsirlərə malik ola bilir. Dünyada arterial təzyiqin ən yüksək
yayılma səviyyəsi Avropa regionunda qeydə alınıb”, – deyə ÜST-dən
bildiriblər.
Beləliklə, ÜST-ün yeni məruzəsində qeyd olunur ki, mütləq
siyasət çərçivəsində qida məhsullarının tərkibində duzun miqdarı
üzrə məhdudiyyətlər müəyyən edilməli və dəqiq markalanma tələb
olunmalı, eləcə də ictimaiyyətin duz qəbulunu azaltmaq barədə
maarifləndirilməsi üzrə kampaniyalar aparılmalıdır. Tərkibində
yüksək miqdarda duz olan məhsullardan gəlir əldə edən qida
sənayesinin mübarizəsinə baxmayaraq, bu tədbirlər ictimai səhiyyə
üçün həlledici əhəmiyyət kəsb edə və insan həyatlarını xilas edə
bilər.
Eyni zamanda, arterial hipertenziyanın səmərəli müalicəsi
standartlaşdırılmış müalicə protokolları, əsas dərman vasitələrinə
çıxış imkanının yaxşılaşdırılmasını və yerli şəraitə
uyğunlaşdırılmış rahat təlimatların mövcudluğunu tələb edir.
Pasiyentlərin bilik səviyyəsinin artırılması və pasiyentyönümlü
qulluğun prioritetləşdirilməsi müalicəyə sadiqliyi yaxşılaşdıra
bilər. Gender aspektlərini nəzərə alan siyasətlərin həyata
keçirilməsi arterial hipertenziyanın aşkarlanması və nəzarətində
qeyri-bərabərliyi aradan qaldıra bilər. Təchizat zəncirinin
dayanıqlılığının artırılması təxirəsalınmaz hallarda fasiləsiz
müalicəni təmin edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























