Bakı. Trend:
Avropa İttifaqının on bir ölkəsi İsveç, Macarıstan, Belçika,
Finlandiya, Avstriya və Polşanı Avropa Parlamenti tərəfindən təsdiq
edilən Təbiətin bərpa edilməsi haqqında Qanunu dəstəkləməyə
çağırıb. Qanun 2030-cu ilə qədər Avropa İttifaqının quru və dəniz
sahələrinin ən azı 20 faizinin, uzunmüddətli perspektivdə isə 60
faizə qədərinin təbii vəziyyətə gətirilməsini, eləcə də 2050-ci ilə
qədər bütün deqradasiya edən ekosistemlərin sağlamlaşdırılmasını
nəzərdə tutur.
Trend xəbər verir ki, qanunun qəbul edilməsi ilə bağlı son rəsmi
səsvermə ətraf mühit nazirlərinin martın 25-də Brüsseldə keçirilən
görüşündə keçirilməli idi. Lakin gözlənilmədən martın sonunda
qanunla bağlı müzakirələr dayandırılıb. Buna səbəb İsveçin kənd
təsərrüfatı naziri Piter Kullqrenin qanuna qarşı fəal kampaniyası
olub.
Piter Kullqrenin fikrincə, qanunun nəticələri ölkənin meşə
təsərrüfatı və kənd təsərrüfatı, eləcə də iqlim sahəsində
fəaliyyəti üçün ölümcül ola bilər.
“Biz siyasi prosesi başa çatdırmaq üçün tez və qətiyyətlə
hərəkət etməliyik. Bu tələbin yerinə yetirilməməsi təbiətin məhv
olmasına və cəmiyyətin Aİ-nin həm daxilində, həm də xaricində
siyasi rəhbərliyinə olan inamının əsaslı şəkildə sarsılmasına səbəb
ola bilər”, – deyə İrlandiyanın ətraf mühit naziri İmon Rayan
bildirib.





























