Advertisement

BMT maliyyə çətinlikləri fonunda qərargahda məhdudiyyətlər qoyur

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri fonunda
xərcləri azaltmaq üçün qərargahında bir sıra məhdudiyyətlər tətbiq
edir.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında
operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə
qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının
məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun
dondurulması daxildir.

Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar da daxil olmaqla əsas
donorlar tez-tez ödənişlərini gecikdirdiyi üçün BMT uzun müddətdir
maliyyə çətinlikləri yaşayır. Çətinliklər, həmçinin COVID-19
pandemiyası və ABŞ-ın keçmiş prezidenti Donald Tramp
administrasiyasının humanitar və inkişaf səyləri üçün maliyyəni
azaltmaq qərarı ilə daha da ağırlaşıb.