Advertisement

Rusiya FHN İranda helikopterin axtarışlarında iştirak etmək üçün xilasedicilər göndərəcək

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya prezidenti Vladimir
Putinin tapşırığı ilə İran prezidenti İbrahim Rəisinin
helikopterinin axtarışlarında iştirak etmək üçün Təbrizə bir qrup
xilasedici göndərəcək.

Trend-in məlumatına görə, Rusiya FHN-nin mətbuat xidməti məlumat
yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran tərəfinin
xahişi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr
Kurenkova İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin də
olduğu helikopterin axtarış-xilasetmə işlərinə kömək etmək üçün
Rusiya xilasedicilərindən ibarət qrup göndərməyi tapşırıb”, – deyə
nazirlik bildirib.

Bildirilib ki, “Tsentrospas” dəstəsinin və “Lider” xüsusi riskli
xilasetmə əməliyyatları mərkəzinin xilasediciləri – ümumilikdə 47
nəfər yola düşməyə hazırdır.