Advertisement

İran prezidenti ilə vida mərasimi və dəfn yerinin DETALLARI AÇIQLANDI

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi İranın Məşhəd şəhərində İmam Rza
ziyarətgahında dəfn olunacaq.

Trend-in məlumatına görə, bu, İran Prezidenti və onunla birlikdə
həlak olan heyətin dəfn mərasimi ilə əlaqədar mərasimin təşkil
olunması komitəsinin məlumatında öz əksini tapıb.

Bu gün (21 may) yerli vaxtla saat 09:30-da İranın şimal-qərbində
yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Şohəda
meydanından Mosəllaya qədər vida mərasimi keçiriləcək.

Yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum
vilayətində ziyarətgahda vida mərasimi təşkil olunacaq.

Yerli vaxtla saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında
vida mərasimi təşkil olunacaq.

Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində
yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi
keçiriləcək.

Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin
iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan
vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida
mərasimi təşkil olunacaq.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi
Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida
və dəfn mərasimi təşkil olunacaq.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.