Advertisement

İran prezidentinin cənazəsi dəfn olunmaq üçün Məşhədə gətirilib

Bakı. Trend:

İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan
təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.

Trend bu barədə İran
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, çox sayda insan və İmam Rza hərəminin bir qrup
qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına
toplaşıb.

Xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə
heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə
gediblər.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.