Advertisement

Sülh Afrikanın gələcək rifahını təmin etməyin açarıdır – BMT-nin Baş katibi

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının
iclasında bildirib ki, sülh Afrikanın gələcək rifahını təmin
etməyin və qitənin qlobal miqyasda səsini və təsirini
gücləndirməyin açarıdır.

Trend təşkilatın saytına istinadla xəbər verir ki, BMT TŞ-də
Mozambik tərəfindən çağırılan qlobal təhlükəsizlik və inkişaf
problemlərinin həllində sülhün kritik rolu ilə bağlı müzakirəni
açan Baş katibin sözlərinə görə, indi Afrikanın sülh quruculuğu
gücünü ortaya çıxarmağın vaxtıdır. O, Afrikanı qlobal əmin-amanlıq
üçün mühüm amil adlandırıb və qitənin parçalanmış dünyada birlik və
həmrəylik nümayiş etdirdiyinə dair misallar gətirib. A.Quterreş
vurğulayıb ki, yoxsulluğa və aclığa son qoyulması, qaçqınların
dəstəklənməsi, davamlı inkişafa nail olunması və onilliklər boyu
mövcud olan qlobal maliyyə sistemində islahatlar dünyanın mühüm
hissəsi olan Afrikanı tərəqqi yoluna çıxara bilər.