
Bakı. Trend:
Qazaxıstanın Dövlət gerbi dəyişdirilə bilər.
Trend “Kazinform” agentliyinə istinadən xəbər verir ki,
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Altırauda keçirilən Milli Qurultaydakı nitqində dövlət atributları
ilə bağlı mülahizələrini çatdırıb.
“Milli kimliyimizin görünən təcəssümü dövlət rəmzləridir. Keçən
il şəhər və rayonlarımızın rəmzlərinin sistemləşdirilməsi və vahid
standarta çatdırılmasının zəruriliyindən danışdım. Onlar təkcə
regional xüsusiyyətləri əks etdirməməli, həm də ölkənin imicinin
əsas elementlərini üzvi şəkildə birləşdirməlidir. Hazırda bu
istiqamətdə konkret işlər aparılır.
Eyni zamanda, bildiyimə görə, müzakirələr zamanı bir sıra
ekspertlər və ictimai fəallar bütün dövlət rəmzləri sisteminin
müasirləşdirilməsinin zəruriliyindən danışıblar. İnanıram ki,
göy-mavi Dövlət bayrağımız üslub baxımından qüsursuzdur və ən
əsası, ölkəmizin unikallığını və ideallarını aydın şəkildə əks
etdirir”, – Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan Prezidenti əlavə edib ki, eyni şey qazax xalqının
dəyərlərini və ruhunu lakonik şəkildə təcəssüm etdirən Dövlət
himninə də aiddir. Həmyerlilərin müxtəlif nailiyyətləri sayəsində
onun melodiyası bütün dünyada səslənir. Yeni ili Dövlət himninin
həyəcanlı sədaları altında qarşılamaq ailə və dostlar arasında xoş
ənənəyə çevrilib.
“Dövlət himninin sözləri və musiqisi vətəndaşlarımızın qəlbində
güclü əks-səda tapır. Dövlət gerbinə gəlincə, hesab edirəm ki,
peşəkarların və maraqlanan vətəndaşların, o cümlədən gənclərin
əsaslı arqumentlərini nəzərə almaq məqsədəuyğundur.
Gerbimizin üzərindəki təsvirlərin anlaşılması çox çətindir,
onlarda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi
razılıq olarsa, mahiyyətcə bütün aspektləri nəzərdən keçirəcək,
ictimai müzakirələr aparacaq xüsusi komissiya yaratmaq olardı.
Sonra Qazaxıstanın yeni Dövlət gerbinin ən yaxşı eskizi üçün açıq
müsabiqə elan edilsin”, – Kasım-Jomart Tokayev vurğulayıb.





























