Advertisement

Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir

Bakı. Trend:

Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlar səbəbindən mayın
15-də tətbiq olunan fövqəladə vəziyyəti ləğv etmək qərarına
gəlib.

Trend xəbər verir ki, bu barədə Fransanın Sakit okeandakı
dənizaşırı ərazisinin ali komissarlığının ofisi tərəfindən dərc
edilmiş bəyanatda deyilir.

Bildirilir ki, son 24 saatda ərazidə vəziyyətin sabitləşməsi
tendensiyası müşahidə olunub. Yeni Kaledoniyada fövqəladə vəziyyət
rejimi mayın 28-də yerli vaxtla saat 5:00-dan başlayaraq ləğv
ediləcək.

Bununla belə, hüquq-mühafizə orqanları yüksək hazırlıq
vəziyyətində qalmağa davam edəcək. Hakimiyyət, həmçinin axşam və
gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək
niyyətində deyil.

“İğtişaşların yatırılması zamanı 460-dan çox insan saxlanılıb.
Yeddi nəfər, o cümlədən iki jandarm həlak olub, hüquq-mühafizə
orqanlarının 122 əməkdaşı yaralanıb”, – deyə ali komissarlığın
məlumatında bildirilib.