Advertisement

Paşinyanı devirmək istəyən keşiş Baqrata XƏBƏRDARLIQ EDİLDİ: “Bədəl ödəməyə hazır ol”

Bakı. Trend:

Ermənistan Baş naziri Aparatı İrəvandakı aksiyalar zamanı qanun
pozuntularına yol verən keşiş Baqrat Qalstanyan və digər kilsə
xadimlərinə xəbərdarlıq edib.

Trend xəbər verir ki, aparat rəhbərinin müavini Taron Çaxoyan
yaydığı məlumatda bildirib ki, dövlət əleyhinə siyasətlə məşğul
olan din xadimləri bunun siyasi bədəlini ödəməyə hazır
olmalıdırlar.

“Kilsəni siyasi platformaya çevirənlər və dini xidməti siyasətlə
əvəz edənlər heç kimdən üstün deyillər və dövlət əleyhinə
apardıqları siyasətin bütün bədəllərini ödəyəcəklər”, – ölkə
rəsmisi vurğulayıb.

Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışıdılar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.

Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və
siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə
alıb.