Advertisement

Londonun nüfuzlu qəzeti iki əsrdən sonra gündəlik nəşri dayandırır

Bakı. Trend:

Londonun nüfuzlu “Evening Standard” qəzeti 200 ildən sonra
gündəlik nəşrdən həftəlik nəşrə keçir.

Trend xəbər verir ki, Londonun metro və avtobuslarında həftənin
beş günü pulsuz paylanan qəzet öz nəşrini azaldaraq həftədə bir
dəfə dərc olunacaq.

Şirkətdən bildirilib ki, COVİD sonrası Londonda səyahət edən
sərnişinlərin sayının azalması, istehlakçı davranışlarının
dəyişməsi və metronun bir çox hissələrində “WiFi” qurğularının
tətbiqi qəzetə təsir edib.

Qəzetin son altı ildə 84 milyon funt sterlinq itirdiyi və
COVİD-dən əvvəl 600 min nüxsə ilə buraxılsa da bu rəqəmin hazırda
300 mindən də aşağı olduğu bildirilib. Qəzet rəhbərliyi qeyd edib
ki, onlar daha çox qəzetin onlayn biznesinə diqqət yetirəcəklər.
“Evening Standard”ın gündəlik buraxılışını dayandırması çap və
xəbər sənayesi üçün çətin bir vaxta təsadüf edir.

Qeyd edək ki, bu ilin əvvəlində “Daily Mirror” və “Express”
qəzetlərinin sahibi olan “Reach” nəşriyyatı da onlayn mövcudluğunu
artırmaq səyləri çərçivəsində xərcləri və iş yerlərini azaltmaq
planlarını açıqlamışdı.