Bakı. Trend:
Fransada əczaçıların tətili səbəbindən bu gün apteklərin
təxminən 90 faizi bağlanıb. Bu, son on ildə əczaçıların ölkədə
keçirdiyi ən böyük aksiyadır.
Trend Franceinfo radiosuna istinadən xəbər verir ki, tətil iki
həmkarlar ittifaqı – Əczaçılar Federasiyası (FSPF) və Birləşmiş
Əczaçılar Birliyi (USPO) tərəfindən təşkil olunub.
Təşkilatçıların sözlərinə görə, mayın 30-da ölkədəki 20 min 500
aptekin təxminən 18 mini bağlı qalacaq. Aksiya iştirakçıları
hökumətdən dərman qıtlığı ilə mübarizə planını, həmçinin əmək
haqlarının artırılmasını tələb edirlər.
Fransa Regional Səhiyyə Agentliyinin (ARS) məlumatına əsasən,
tətil Bretan regionundakı apteklərin 80 faizinə, Korsika adasındakı
apteklərin 90 faizinə, Nitsa və Avinyon kimi bəzi şəhərlərdəki
apteklərin isə hamısına təsir edəcək. Eyni zamanda, gecə növbəsində
işləyən apteklər açıq qalacaq.





























