Advertisement

Arktikada buzların sürətlə əriməsi Avropada kəskin istilərə səbəb olur

Bakı. Trend:

Son illərdə Avropada temperaturun kəskin artması Arktika və
Qrenlandiya buz örtüyünün sürətlə əriməsi ilə əlaqələndirilir.

Trend-in
məlumatına görə, Britaniya okeanoloqlarından ibarət qrup Şimali
Atlantikada dəniz suyunun duzluluğundakı dəyişiklikləri tədqiq
edib.

Tədqiqatda 1979-cu ildən 2022-ci ilə qədər əldə edilmiş
məlumatlardan istifadə olunub. Alimlər buzlaqlardakı suyu təhlil
edərək, şirin suyun necə yayıldığını və bunun okeanların
duzluluğuna necə təsir etdiyini öyrəniblər. Tədqiqatçılar ən isti
və ən soyuq 10 dövrün təhlili əsasında Avropa üçün yay hava
proqnozu hazırlayıblar və məlum olub ki, şirin suyun okean suyu ilə
qarışması nəticəsində hava siklonlarında dəyişiklik meydana gəlir.
Bu isə öz növbəsində isti havanın yaranmasına səbəb olur.

“Müəyyən edilmiş hadisələr zəncirinə əsaslanaraq, biz
okean-atmosfer şəraitinin bu il Avropanın cənubunda qeyri-adi isti
və quru yay üçün əlverişli olacağını gözləyirik,” – deyə tədqiqatın
müəllifi Marilena Oltmanns bildirib.