Bakı. Trend:
Bu gün İranın eks-prezidenti Mahmud Əhmədinejad 14-cü çağırış
prezident seçkilərinə namizədliyini irəli sürüb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Əhmədinejad Daxili İşlər Nazirliyində yaradılan prezident
seçkiləri namizədlik qeydiyyatından keçib.
Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28
iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə
ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum
magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd
ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın
Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.
Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl
prezident seçilib.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.





























