Bakı. Trend:
Yeni Kaledoniyanın Kanak və sosialist milli azadlıq cəbhəsi
(FLNKS) partiyası Fransa dövləti tərəfindən vasitəçilik və iş
missiyası həvalə edilmiş 3 yüksək vəzifəli məmura məktub
ünvanlayıb.
Trend xəbər verir ki, FLNKS məktubda səfərbər olan aktivistlərlə
çox sayda görüşlər və əsas yollarda nəzarəti zəiflətmək
çağırışlarına dair danışıqlar aparılmasına baxmayaraq, hələ də
yerlərdə çətinliklər olduğunu qeyd edib.
Müstəqillik tərəfdarlarının fikrincə, Emmanuel Makron mayın
23-də Yeni Kaledoniyaya səfəri zamanı verdiyi açıqlamalarda kifayət
qədər aydın fikir səsləndirməyib. Məktubda E.Makron seçki korpusu
ilə bağlı dəyişiklik olmayacağına söz versə də, mətnin qəti şəkildə
geri götürülməsinə dair heç bir təminat verilməməsindən narazılıq
bildirilib. FLNKS fəalların sakitləşməsi üçün təminatın
verilməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb.
Məktubda millətçi partiyalar və CCAt partiyası ilə birlikdə
FLNKS Fransa prezidentindən Versal Konqresinin çağırılmayacağı və
seçici korpusu ilə bağlı Konstitusiya islahatından imtina ediləcəyi
ilə əlaqədar fikrini aydın ifadə etməsini tələb edir.
FLNKS bunun sülhü bərpa etməyin və Yeni Kaledoniyanın
institusional gələcəyi ilə bağlı müzakirələri bərpa etməyin yeganə
yolu olduğunu xatırladıb.





























