Bakı. Trend:
Artıq bir neçə gündür hidrometeoroloqlar tərəfindən Türkiyə
ərazisində proqnozlaşdırılan anomal isti hava şəraiti bu gündən
etibarən özünü kəskin şəkildə göstərməyə başlayıb. Bəzi bölgələrdə
havanın temperaturu 41 dərəcəyədək yüksəlib.
Trend xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və
iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ölkə daxilində bu gündən
etibarən artan temperaturun mövsüm normalarından 6-10 dərəcə yüksək
olacağını, bəzi bölgələrdə 40 dərəcəni keçəcəyini bildirib.
Nazir havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən baş
verə biləcək meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq
edib.
Mütəxəssislər İstanbul, Ankara, İzmir və Antalya da daxil
olmaqla xüsusilə bəzi bölgələrdə isti hava şəraitinin daha təsirli
olacağını, ölkə ərazisində yağışların əhəmiyyətli dərəcədə
azalacağını proqnozlaşdırırlar.
Məlumatlarda anomal istilərin bu həftənin sonunadək davam
edəcəyi bildirilir.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan isti hava dalğası
Avropa Hava Proqnozları Mərkəzinin proqnozlarında da öz əksini
tapıb.





























