Advertisement

Salvinidən Makrona təklif: Get, Ukraynada özün döyüş

Bakı. Trend:

İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri
Matteo Salvini Fransa prezidenti Emmanuel Makron təklif edib ki,
Ukraynada döyüşməyə özü getsin.

Trend xəbər verir ki, Salvini seçki tədbirlərinin birində
Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bağlı
sualı cavablandırarkən deyib: “Qoy dəbilqə taxıb getsin”.

Hakim koalisiyadakı Liqa partiyasının lideri olan Salvini
“Messaggero” qəzetinə müsahibəsində vurğulayıb ki, “əgər biz
suverenliyimizi Avropaya güzəştə getsək, bizim uşaqlar Makronun
günahı ucbatından döyüş meydanında olacaqlar”.

O, daha sonra X sosial şəbəkəsində Makronun hərbi kamuflyajda,
dəbilqə taxmış və əlində avtomat olan fotomontajını yerləşdirərək
Avropa Parlamentinə iyunun 8-9-da keçiriləcək seçkilərdə
partiyasına səs verməyə çağırıb.

Aİ-də Salvininin əsas tərəfdaşı, Makronun isə əsas rəqibi “Milli
Birlik” partiyasının lideri Marin Le Pendir.