Bakı. Trend:
ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o
cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı
viza sanksiyaları tətbiq edir.
Trend-in məlumatına görə, bu barədə brifinqdə Dövlət
Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Onun sözlərinə görə, Vaşinqton ölkədə qəbul edilən “xarici
agentlər” haqqında qanunla bağlı əlavə tədbirlər görməyə
hazırdır:
“Viza məhdudiyyətlərinin bu ilk siyahısına “Gürcü arzusu”
partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə
orqanlarının əməkdaşları və sıravi vətəndaşlar daxildir. Biz ümid
edirik ki, Gürcüstan liderləri öz fəaliyyətinə yenidən baxacaqlar
və ölkələrinin uzun müddətdir bəyan etdikləri demokratik və
Avro-Atlantik istəklərinə nail olmaq üçün addımlar atacaqlar. Lakin
onlar bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə
hazırdır”.
M.Miller əlavə edib ki, ABŞ əlavə sanksiyalar tətbiq etməyə və
bütün digər zəruri addımları atmağa hazırdır.





























