
Bakı. Trend:
Türkiyədə casusluqla bağlı Cinayət Məcəlləsinin (CM)
müddəalarına daxil olan cinayət əməllərinin siyahısını
genişləndirmək planlaşdırılır.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, yeni qanun layihəsi Türkiyə Böyük Millət
Məclisinə (TBMM) təqdim ediləcək.
Məlumata görə, dövlət sirrinin açıqlanmasına və casusluğa görə
cəza nəzərdə tutan Cinayət Məcəlləsinə “Dövlətin təhlükəsizliyinə
və ya siyasi maraqlarına zərbə vuran cinayətlər haqqında”
maddəsinin əlavə edilməsi təklif olunur.
Yeni bəndə əsasən, xarici dövlətlərin və ya ayrı-ayrı xarici
strukturların strateji planlarına uyğun gələn, Türkiyənin
təhlükəsizlik və ya daxili və xarici siyasi məqsədlərinə zidd olan
hər hansı hərəkətlər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum
ediləcək.
Bundan başqa, nəzərdə tutulan cinayət əməli müharibə zamanı və
ya müharibəyə hazırlıq dövründə törədilibsə, ordunun hərəkətlərinə
və hərbi əməliyyatların səmərəliliyinə xələl gətirilərsə həbs
qətimkan tədbiri 8 ildən 12 ilədək müddətə uzadılacaq.





























