Advertisement

“X” virusunun yayılması və ikinci pandemiya ehtimalı barədə XƏBƏRDARLIQ

Bakı. Trend:

Yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssislərin fikrincə,
planetdəki insanların çoxu həyatları boyu COVID-19-a bənzər başqa
bir pandemiyanın şahidi olacaqlar, çünki onlar getdikcə daha çox
yaxınlaşan “X” adlı naməlum patogen ilə mübarizə aparmaq üçün hələ
də zəif təchiz olunublar. Bu səbəbdən həmin virus bütün dünyada
sürətlə yayıla bilər.

Trend Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadla
xəbər verir ki, 2018-ci ildə “X” xəstəliyi terminini ciddi
beynəlxalq epidemiyaya səbəb ola bilən, hazırda naməlum olan
yoluxucu xəstəliyə istinad etmək üçün istifadə edilib. Qlobal
ekspertlər deyirlər ki, növbəti pandemiya yaxınlaşır və o, hazırda
elmə məlum olmayan patogen tərəfindən törədilə bilər.

Bir iddiaya görə, COVID-19 qlobal iqtisadiyyatları diz çökdürən,
milyonlarla insanın həyatına son qoyan və pandemiyaya hazırlıqda
qlobal zəiflikləri üzə çıxaran ilk “X” virusu xəstəliyi idi.

London İmperial Kollecinin Jameel İnstitutunun Epidemiologiya
üzrə tədqiqatçısı Tomas Rouson bildirib ki, gələcəkdə baş verəcək
epidemiyanın şiddəti məlum deyil, lakin o, COVID-19-dan daha
ölümcül ola bilər. Onun sözlərinə görə, pandemiyalar getdikcə daha
çox yayılır. “Əhalinin sayı artdıqca və bununla da heyvan
xəstəlikləri mənbələri ilə qarşılıqlı əlaqə çoxaldıqca, yeni
patogenin ortaya çıxma riski də çox olur. Güman ki, bir çoxumuz
həyatımız boyu başqa bir qlobal pandemiyadan şəxsən
təsirlənəcəyik”, -deyə tədqiqatçı qeyd edib.

Tomas Rouson vurğulayıb ki, dünya təkcə müalicələr, peyvəndlərlə
deyil, həm də çevik reaksiya ilə yeni pandemiyaya hazır
olmalıdır.

Xüsusiyyətləri hələ də naməlum qalsa da, ekspertlərin fikrincə,
‘X” epidemiyası çox güman ki, əvvəlki pandemiyaların qlobal
miqyasda yayılmasına imkan verən bəzi əsas əlamətləri ehtiva
edəcək.