Bakı. Trend:
Kataloniya regionunun İspaniyadan ayrılması üçün keçirilən
referendumun iştirakçıları əfv edilə bilər.
Trend xəbər verir ki, bununla bağlı amnistiya qanunu İspaniyanın
rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcək.
Ölkədə etirazlara səbəb olan qanun layihəsi mayın 30-da İspaniya
parlamenti tərəfindən təsdiqlənib.
Təxminən 370 nəfəri əhatə edəcək qanun İspaniya regionunun sabiq
lideri Karles Puçdemonun “Kataloniya üçün birlikdə” partiyasının
dəstəyi sayəsində ərsəyə gəlib. Amnistiya Kataloniyada “birgə
yaşayışı normallaşdırmaq” məqsədi daşıyır.
Qanun sağçı müxalifətin kəskin tənqidi ilə üzləşib. Onlar
Krallığın Konstitusiya məhkəməsinə və Avropa İttifaqı məhkəməsinə
bununla bağlı apelyasiya şikayəti verməyi planlaşdırırlar.
Amnistiya, həmçinin 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə
bağlı referendumunun keçirildiyi vaxt regionun rəhbəri olan Karles
Puçdemona da şamil edilə bilər. İspaniyanın müdaxiləsindən sonra
ölkədən qaçmağa məcbur qalan siyasətçi artıq Krallığa qayıtmağa
hazır olduğunu bildirib.





























