Advertisement

“Türk xalqlarının mənəvi dəyərləri və mədəni irsi” mövzusunda beynəlxalq elmi-metodiki konfrans keçirilib

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan
Respublikası “Tanbalı” muzey-qoruğunun ziyarət mərkəzində “Türk
xalqlarının mənəvi dəyərləri və mədəni irsi” mövzusunda beynəlxalq
elmi-metodiki konfrans keçirilib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, fondun himayəsi, Qazaxıstan Respublikasının
Mədəniyyət və İnformasiya Nazirliyinin, Almatı vilayətinin
Akimliyinin, “Tanbalı” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Muzey-Qoruğunun dəstəyi ilə təşkil olunan tədbir “Tanbalı”
abidələrinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil
edilməsinin 20 illiyinə həsr olunub (2004).

Tədbir çərçivəsində Türk Dünyası ölkələrində və onun
hüdudlarından kənarda türk mədəni irsinin qorunması və tanıdılması
məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu nəzdində Bərpaçılar və
Tarixçi-Memarların Məşvərət Şurasının ilk iclası keçirilib.

Tədbirdə Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik
Otarbayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya
Nazirliyi, Mədəniyyət Komitəsinin sədri Kumis Seyitova, Dövlət
Tarix İnstitutunun və “Tanbalı” Mədəniyyət və Təbiət
Muzey-Qoruğunun komandası, eləcə də 6 ölkədən 20-dən artıq
tarixçi-alim iştirak edib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və
digər türk xalqlarının türkologiya üzrə aparıcı mütəxəssislərinin
(arxeoloqlar və tarixçilərin) iştirakı ilə keçirilən konfransda
tədqiqat və mühafizə sahəsində regional əməkdaşlığın
perspektivləri, eləcə də türk arxeoloji irsinin bərpasına dair
müzakirələr aparılıb.

Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova konfransı Türk Dünyasının
arxeoloqlarını, tarixçi alimlərini, mütəxəssislərini birləşdirən,
qarşılıqlı təcrübə mübadiləsinə töhfə verən vahid platforma kimi
dəyərləndirib. O, konfransın gündəliyində türk xalqlarının mədəni
irsinin qorunması, eləcə də dünya miqyasında təbliği
strategiyalarının işlənib hazırlanması kimi məsələlərin yer
aldığını vurğulayıb.

Aktotı Raimkulova tədbir çərçivəsində Fondun nəzdində Bərpaçılar
və Tarixçi-Memarların Məşvərət Şurasının ilk iclasının
keçirilməsinə diqqət çəkərək, bildirib: “Şuranın fəaliyyəti – türk
xalqlarının mədəni irs obyektlərinin öyrənilməsi və qorunması, o
cümlədən memarlıq abidələrinin mühafizəsi sahəsinin tərkib hissəsi
kimi bərpa işlərinin inkişaf etdirilməsi, maddi mədəni irsin
öyrənilməsi və bərpası sahəsində mütəxəssislərin, alim-memarların
tədqiqat və nəşriyyat fəaliyyətinin təşviqi Türk Dünyasının mədəni
irsinin təbliğinə töhfə verəcək”.

Fondun prezidenti Aktotı Raimkulova konfransın türk mədəni
irsinin mühafizəsi və təbliğində, eləcə də Türk Dünyasının
elmi-praktik potensialının inkişafında parlaq bir mərhələ olacağına
əminliyini ifadə edib.

Tədbir çərçivəsində həmçinin, “Tanbalı” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Muzey-Qoruğunun ziyarət mərkəzində qayaüstü rəsmlər üzrə
elmi-bərpa laboratoriyasının açılışı gerçəkləşib.