Advertisement

Müttəfiqləri Makronun onları fəlakətə aparacağından qorxurlar

Bakı. Trend:

Emmanuel Makronun koalisiyasına daxil olan parlament üzvləri
prezidentin yeni parlament seçkiləri keçirmək qərarı ilə onları
fəlakətə sürükləyə biləcəyindən ehtiyatlanır.

Trend xəbər verir ki, “Politico” nəşri bu barədə öz mənbələrinə
istinadla məlumat yayıb.

“Fransa prezidentinin müttəfiqləri Avropa Parlamentinə
seçkilərdə məğlubiyyətindən sonra Milli Assambleyaya növbədənkənar
seçkilər təyin etmək barədə gözlənilməz qərar verən Emmanuel
Makronun onları fəlakətə sürükləyə biləcəyindən qorxurlar”, – deyə
nəşr yazır.

“Bloomberg” agentliyi isə Makronun Milli Assambleyanı buraxmaq
və yeni parlament seçkiləri keçirmək qərarının onun rəhbərlik
etdiyi “İntibah” partiyasında xaosa və qəzəbə səbəb olduğunu iddia
edir.

Qeyd edək ki, “Milli birlik” parlament fraksiyası Avropa
parlamentinə seçkilərdə 31,36 faiz və ya 7,7 milyon səs toplayıb.
Emmanuel Makron tərəfdarları isə 3,6 milyon vətəndaşın etimadını
qazana bilib ki, bu da səslərin 14,6 faizini təşkil edir.
Beləliklə, “Milli birlik” Fransa dövlət başçısının koalisiyasını
iki dəfədən çox qabaqlamağa müvəffəq olub. Həmçinin seçkilərdə
üçüncü yerdə Rafael Qlüksmannın rəhbərlik etdiyi sosialistlər
qərarlaşıb. Onları 3,4 milyon insan və ya seçicilərin 13,83 faizi
dəstəkləyib.

İyunun 9-da Emmanuel Makron Avropa seçkilərində partiyasının
iflasından sonra Milli Assambleyanın buraxıldığını və növbədənkənar
seçkilərin keçiriləcəyini elan edib. Fransa parlamentinə
növbədənkənar seçkilərin birinci turu iyunun 30-na, ikinci turu
iyulun 7-nə planlaşdırılıb.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası sonuncu dəfə
Prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılmışdı.