Advertisement

“Hizbullah”ın İsrail üçün təhlükəli 1 milyon raketi var – Foreign Policy

Bakı. Trend:

Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatının sərəncamında
İsrail üçün strateji təhlükə yarada biləcək 1 milyondan çox
müxtəlif raketlər var.

Trend xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı İran
İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı
qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, “Hizbullah” hərəkatı həmin silahları son on il
ərzində toplayıb. Onların arasında yüksək dəqiqliyə malik idarə
olunan raketlər və kamikadze PUA-ları var.

Qeyd edək ki, iyunun 11-də İsrail ordusu hava zərbəsi ilə
şiələrin “Nəsr” qruplaşmasının komandiri Talib Sami Abdullahı
öldürüb. “Hizbullah” hərəkatının icraiyyə komitəsinin rəhbəri Haşim
Səfiəddin dəfn mərasimində yəhudi dövlətindən qisas alacaqları
barədə xəbərdarlıq edib. İyunun 5-də isə İsrailin Baş naziri
Binyamin Netanyahu Livanla sərhədə yaxın ərazilərə səfəri zamanı
“Hizbullah” hərəkatına qarşı qətiyyətli addımlar atmağa hazır
olduqlarını açıqlayıb. Buna baxmayaraq, analitiklər Livan və İsrail
arasında qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi
ehtimalının az olduğu fikrindədirlər.