
Bakı. Trend:
“Europe1”, “CNews” və “Le Journal du Dimanche” kimi media
orqanlarının sifarişi ilə keçirilmiş sosial sorğunun nəticələrinə
görə, fransızların 57 faizi Prezident Emmanuel Makronun istefasını
istəyir.
Trend xəbər verir ki, Fransada bütün yaş qrupları arasında
aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament
seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar
olacağı təqdirdə, Prezidentin istefa verməli olduğunu
bildiriblər.
İkinci məğlubiyyətdən sonra ölkə Prezidentinin istefa verməsini
istəyənlərin əksəriyyəti 18-24 yaş arasında olan seçicilərdir (76
faiz).
Siyasi cərəyanlara gəldikdə, solçuların 56 faizinin fikrincə,
E.Makron Yelisey sarayındakı fəaliyyətinə son qoymalıdır.
Sağçıların isə 75 faizi E.Makronun ikinci mandatı bitmədən Yeliseyi
tərk etməsini arzulayır. “Milli Birlik” Partiyasının
tərəfdarlarının 83 faizi ölkə Prezidentinin istefasını görmək
istəyir.
Daha çox diqqət cəlb edən isə odur ki, E.Makronun özünün
düşərgəsinin üzvlərinin 30 faizi onun getməsini gözləyir.





























