Advertisement

NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur – Yaşar Güler

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Aİ-nin ayrı-ayrı
ölkələrinin “Avropada öz təhlükəsizlik çətirini” yaratmaq
təşəbbüslərini “uğursuzluğa məhkum cəhdlər” adlandırıb.

Trend xəbər verir ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin
Brüsseldə keçirilən ikigünlük görüşünün yekunlarını jurnalistlərə
şərh edən Türkiyənin müdafiə idarəsinin başçısı bildirib ki, NATO
bloku Avro-Atlantik regionunda kollektiv müdafiə və təhlükəsizliyin
təmin edilməsi üçün yeganə səmərəli platformadır.

“Bu platformaya hər hansı alternativ axtarılması Şimali
Atlantika alyansında birlik və həmrəyliyə zərbədir”, – deyə
türkiyəli nazir qeyd edib.

Gülerin sözlərinə görə, NATO-nun əvəzedicisinin axtarışı açıq
şəkildə uğursuzluğa düçar olub. “Avropa dövlətlərinin səyləri
yalnız NATO-nun mövcud funksiyalarına əlavə olaraq uğurlu olacaq.
Ankara bu cür təşəbbüslərdə iştirakını nəzərdən keçirə bilər”,
-deyə nazir istisna etməyib.

Milli müdafiə naziri xatırladıb ki, Türkiyə NATO-nun ikinci ən
güclü ordusuna malikdir. “Ankara Alyansın etibar edilə bilən güclü
tərəfdaşıdır. Ölkəmiz NATO müttəfiqləri ilə həmrəylik ruhunda
hərəkət edir. Biz hərbi-siyasi blok çərçivəsində bütün öhdəlikləri
yerinə yetiririk və bu, gələcəkdə də belə olacaq”, – deyə türkiyəli
nazir bildirib.

Onun sözlərinə görə, bu gün Türkiyə Montrö Konvensiyasının bütün
tələblərini ciddi şəkildə yerinə yetirir və Qara dənizdə mina
təhlükəsi ilə mübarizə məsələsində Bolqarıstan və Rumıniya ilə sıx
əməkdaşlıq edir.

Türkiyənin cənub sərhədləri yaxınlığındakı vəziyyətə toxunan
nazir qeyd edib ki, Ankara İraqın şimalında və Suriyada
terrorçulara qarşı qətiyyətli mübarizə aparır. “YPG terrorçularının
(PKK-nın Suriya qanadı) başqa bir qanlı təşkilata – İŞİD-ə qarşı
mübarizə bəhanəsi ilə cinayət planlarını həyata keçirmək cəhdləri
qəbuledilməzdir. Türkiyə sərhədlərinin yaxınlığında terrorçuların
nəzarətində olan zonanın yaradılmasına imkan verməyəcəyik”, – deyə
nazir vurğulayıb.

O, eyni zamanda, ABŞ-ın Suriya ilə bağlı mövqeyini tənqid edərək
bildirib ki, NATO müttəfiqləri təhlükəsizlik sahəsində ortaq
dəyərləri və baxışları bölüşməlidirlər. “Təəssüf ki, NATO
konsepsiyasının əksinə olaraq, ABŞ Suriyada YPG terrorçularına
dəstəyini davam etdirir. Bu cür hərəkətlər Türkiyənin milli
maraqlarına təhlükə yaradır və Suriyanın özünün bütövlüyünə meydan
oxuyur. Biz Amerika tərəfinin terrorçularla əlaqəni dayandırmasını
gözləyirik”, -deyə Güler bildirib.