Bakı. Trend:
Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının
Rusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin
ləğvi xahişi ilə müraciətini təhlil edəcək.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının
mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov viza rejiminin ləğvi ilə bağlı bu müraciəti görmədiyini
qeyd edib.
“Əgər bu olubsa, biz bunu görəcəyik. Və təbii ki, bizim
aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”, – deyib.
Bundan əvvəl Sülh Naminə Həmrəylik Partiyasının nümayəndələri
Putinə müraciət edərək, Gürcüstan vətəndaşları üçün viza rejiminin
tamamilə ləğvi, habelə viza rejimi tətbiq olunana qədər Rusiyada
qalma qaydalarını pozmağa məcbur olan şəxslərə amnistiya elan
edilməsi xahişi ilə müraciət etmişdilər. Bundan əlavə, gürcü
siyasətçiləri Rusiya Federasiyasında respublika vətəndaşlarının
məşğulluq qaydalarının yüngülləşdirilməsini xahiş ediblər.
(Tərcümə: Gülnarə Kərimova)





























