Advertisement

Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir – Rusiya XİN

Bakı. Trend:

Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid
müharibədə alət kimi istifadə edir.

Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin
müavini Mixail Qaluzin “Komsomolskaya Pravda” qəzetinə
müsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, Qərbin məqsədi erməni
“platformasından” istifadə edərək regionda növbəti gərginlik
mənbəyi yaratmaqdır.

“Qərb paytaxtlarında bu respublikanın sosial-iqtisadi
vəziyyətini və təhlükəsizliyini sakitcə təhlükə altına atmağa
hazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı
Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu bizim ümumi
inteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar”, – deyə
M.Qaluzin qeyd edib.

Diplomatın vurğuladığı kimi, Moskva dəfələrlə və müxtəlif
səviyyələrdə narahatlıq doğuran məsələləri müzakirə etməyə hazır
olduğunu İrəvana çatdırıb.

“Eyni zamanda, müxtəlif təşəbbüslərimizə heç bir cavab
almamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin vədlərinin
illüziya mahiyyətini, həmçinin respublikanın suverenliyi,
təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya ilə
münasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədər
siyasi müdrikliyə malik olacaq”, – deyə Rusiya xarici işlər
nazirinin müavini əlavə edib.