Bakı. Trend:
Türkiyə sahillərin və sahil sularının təmizliyini göstərən “mavi
bayraq” beynəlxalq ekoloji etiketli çimərliklərin sayına görə
dünyada üçüncü yerdədir.
Trend Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri
Nazirliyinə istinadla xəbər verir ki, hazırda ölkədə “mavi
bayraqlı” 567 çimərlik fəaliyyət göstərir. Yalnız İspaniya və
Yunanıstanda bu göstərici daha yüksəkdir.
Nazirlik xatırladıb ki, hələ 2002-ci ildə nüfuzlu ekoloji
etiketə malik Türkiyə çimərliklərinin sayı 140-ı keçməyib və
sonrakı illərdə bu, davamlı olaraq artmağa başlayıb.
“Çimərliklərin vəziyyətinin qiymətləndirilməsi beynəlxalq
ekspertlər tərəfindən hər ilin may ayında aparılır. Türkiyədə mavi
bayraqlı çimərliklərin sayı artır. Bu il də istisna olmadı”, -deyə
nazirliyin nümayəndələri bildiriblər.
Çimərliklərdən əlavə, Türkiyədə 27 marina, 18 turist qayığı və 9
özəl yaxta beynəlxalq ekoloji “mavi bayraq” daşıyır.
Türkiyədə fəaliyyət göstərən 1400 çimərliyin hər biri, o
cümlədən koordinatlar, yüksək dalğa riski və sahildən su dərinliyi
haqqında məlumat xüsusi plaj.csb.gov.tr saytında verilir.





























