Advertisement

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

Bakı. Trend:

Çin və Cənubi Koreyanın xarici siyasət və müdafiə qurumlarının
səlahiyyətli şəxslərinin 2+2 formatında Seulda görüşü olub.

Trend xəbər verir ki, nümayəndə heyətlərinə Cənubi Koreya
tərəfdən xarici işlər nazirinin müavini Kim Honq-kyun, Çin tərəfdən
isə həmkarı Sun Veydon rəhbərlik edib. Cənubi Koreya Müdafiə
Nazirliyinin beynəlxalq siyasət departamentinin baş direktoru Li
Sunq-bom və Çin Mərkəzi Hərbi Şurasının beynəlxalq hərbi əməkdaşlıq
ofisinin direktor müavini Can Baoçunun da iştirak etdiyi görüş iki
ölkənin münasibətlərini sabitləşdirmək cəhdləri çərçivəsində baş
tutub.

Cənubi Koreya XİN-in görüşdən əvvəlki açıqlamasında deyilir ki,
2+2 formatındakı görüşdə ikitərəfli münasibətlər, Koreya
yarımadasındakı vəziyyət də daxil olmaqla qarşılıqlı maraq doğuran
məsələlər müzakirə olunacaq.

Diqqətçəkən məqam odur ki, Seul-Pekin təhlükəsizlik və
diplomatiya dialoqu Rusiya Prezidenti Vladimir Putinin Şimali
Koreyaya səfəri ilə eyni vaxta təsadüf edir.

“Bu formatda dialoqun aparılması Pxenyanın Pekin və Moskva ilə
üçtərəfli blok yaratmaq cəhdlərini Çinin dəstəkləməyəcəyinə dair
Şimali Koreyaya mesajdır”- deyə Hankuk Universitetinin beynəlxalq
münasibətlər üzrə professoru Kanq Cun-younq bildirib.

Şərhçilər hesab edir ki, Seul 2+2 formatındakı dialoqla Çini
Şimali Koreya məsələsində daha konstruktiv rol oynamağa
çağırır.

Qeyd edək ki, 2+2 formatındakı dialoqun təşkili barədə razılıq
Cənubi Koreya Prezidenti Yun Sok Yolun Çinin Baş naziri Li Çian ilə
mayda keçirilmiş görüşündə əldə olunub.