
Bakı. Trend:
NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin
alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” nəşri məlumat
yayıb.
Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda
Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il
oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi
əvəzləyəcək.
Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu
əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.
Xatırladaq ki, bir müddət əvvəl Rumıniya Prezidenti Klaus
İohannis NATO-nun baş katibi postuna namizədliyini Mark Rüttenin
xeyrinə geri götürüb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının
strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-nin
da NATO-nun növbəti baş katibi postunda Niderlandın Baş naziri Mark
Rutteni görmək istədiyini bildirib.





























