Bakı. Trend:
Bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament
seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq. Bununla əlaqədar
ölkə qanunlarına bəzi dəyişikliklər olunub.
Trend xəbər verir ki, dəyişikliklərə əsasən, əcnəbilərin
Gürcüstanın siyasi həyatında iştirakına ciddi məhdudiyyətlər
qoyulub.
Xarici vətəndaşların yaşayış icazəsi olub-olmamasından asılı
olmayaraq partiya yaratmaq, partiyalara qoşulmaq, partiyalara ianə
vermək hüququ yoxdur. Bundan başqa, xarici vətəndaşların seçkilərdə
iştirak etmək hüququ yoxdur. Digər dəyişiklik seçki məntəqələrində
elektron səsvermənin tətbiqi ilə əlaqədardır.
Bu seçkilər ölkədəki seçki məntəqələrinin 90 faizində elektron
səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki
olacaq. Seçicilər seçki məntəqələrində əvvəlki qaydada səs versələr
də, yeni bülletenlərdən istifadə olunacaq və nəticələr xüsusi sayma
maşını ilə hesablanacaq. Əvvəllər elektron səsvermə sistemi seçki
məntəqələrinin yalnız kiçik bir hissəsini əhatə edirdi və pilot
rejimdə həyata keçirilirdi.
Bu il həm də parlament seçkiləri ilk dəfə Gürcüstanda tam
proporsional sistemlə keçiriləcək. Parlamentdəki 150 yer partiya
siyahıları əsasında doldurulacaq. Bununla belə partiya yalnız ən
azı 5 faiz səs toplayacağı təqdirdə parlamentə daxil ola biləcək.
Parlament çoxluğunu əldə etmək üçün siyasi partiya həm Gürcüstanda,
həm də xaricdə səs verəcək seçicilərin ən azı 50 faizinin dəstəyini
almalıdır.





























