Bakı. Trend:
Türkiyə kriptovalyuta bazarı ilə bağlı tənzimləyici və nəzarət
tədbirlərini sərtləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, müvafiq təkliflər bu gün Türkiyə Böyük
Millət Məclisinin iclasında baxılacaq “Türkiyənin maliyyə bazarları
haqqında qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz
əksini tapıb.
Qanun layihəsinə görə, bundan sonra kriptohesablar üçün
xidmətlər yalnız Türkiyə Maliyyə Bazarlarına Nəzarət Qurumunun
(SPK) rəsmi icazəsi ilə həyata keçiriləcək.
Qanunun tələblərinə məhəl qoymayan fiziki və hüquqi şəxslər yeni
qaydalar çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb olunacaq.
Onları 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası və ya
külli miqdarda cərimələr gözləyir.
Eyni zamanda, kriptovalyuta bazarında dövlətin məlumatı ilə
fəaliyyət göstərən bütün fiziki şəxslər və təşkilatlar hər il may
ayının sonuna qədər illik mənfəətin bir faizini SPK-nın, eyni
məbləği Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK)
büdcələrinə ödəməli olacaqlar.
Ölkə qanunvericiliyinə edilən dəyişikliklərin qüvvəyə
minməsindən üç ay sonra Türkiyədə kripto-aktiv xidmətləri göstərən
bütün xarici şəxslərin və qurumların fəaliyyəti qadağan
ediləcək.





























