Advertisement

Son beş il Aİ tarixində ən uğursuz dövrdür – Viktor Orban

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri
Ursula von der Lyayenin bu vəzifəyə ikinci müddətə seçilməsinə
qarşı çıxıb.

Trend xəbər verir ki, Orban bu barədə “Funke” media qrupunun
jurnalistinin sualına cavab verərkən deyib.

“Yaşıl transformasiya tam uğursuz idarəçilikdir, miqrasiya
paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyə
ehtiyacı var və bunu bacaran kifayət qədər istedadlı siyasətçilər
mövcuddur”, – deyə Viktor Orban bildirib.

Avropa Parlamentinə seçkilərin nəticələrindən danışan siyasətçi
onun uğursuzluqlarını xüsusilə vurğulayıb. “Son beş il Avropa
İttifaqı tarixində ən uğursuz dövrdür. Avropa Komissiyasının və
Brüsseldəki elitanın nəticələri zəif olub”, – deyə Macarıstanın
hökumət başçısı əlavə edib.

Qeyd edək ki, Ursula fon der Lyayen ikinci müddətə Avropa
Komissiyasının rəhbəri olmaq istəyir. Bunun üçün Aİ liderləri onun
namizədliyini yeni Avropa Parlamentinin plenar iclasında səsverməyə
çıxarmalıdır və o, ən az 361 deputatın səsini qazanmalıdır.

Bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin qeyri-rəsmi sammiti
keçirilir. Görüş iştirakçıları sammit çərçivəsində növbəti beş il
üçün strateji gündəliyi, həmçinin, Avropa Komissiyası, Avropa
İttifaqı Şurası və Avropa İttifaqının rəhbər postlarına namizədləri
müzakirə edəcəklər.