Advertisement

Dağıstanda məhv edilən silahlılardan biri partiya sədri olub

Bakı. Trend:

Dağıstanda məhv edilən terrorçulardan biri əvvəllər “Ədalətli
Rusiya” partiyasının rayon şöbəsinə rəhbərlik edib.

Trend bu barədə rus
kİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Əli Zəkariqayev Serqokalinski rayonunda partiya
şöbəsinin sədri olub, iki il əvvəl bu vəzifəni tərk edib. O, bundan
sonra partiyanın üzvü kimi qalıb.

Qeyd edilir ki, Zəkariqayev Dağıstanın Serqokalinski rayonunun
rəhbəri Maqomed Ömərovun qardaşı oğludur.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror
cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən
şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə
departamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbənd
şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının
hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav
kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son
məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə
mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror
aktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isə
Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.