Advertisement

BMT baş katibi Dağıstanda törədilən terror aktını pislədi

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror
aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmi
internet saytında dərc etdiyi bəyanatda çatdırıb.

“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini
obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror
aktlarını ən kəskin şəkildə pisləyir”, – bəyanatda qeyd edilib.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror
cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən
şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə
departamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbənd
şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının
hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav
kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son
məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə
mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror
aktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isə
Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.