
Bakı. Trend:
Ermənistanın “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat
Qurgen Arsenyan hazırkı hökumətin yeritdiyi iqtisadi siyasətlə razı
olmadığından, yaxın günlərdə mandatından imtina edə bilər.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrə
istinadən yazıb.
Nəşrin yazdığına görə, fikir ayrılıqları təxminən 1 il əvvəl
yaranıb. Belə ki, Arsenyan əmlak vergisinin artırılması və digər
islahatlara qarşı çıxıb. Onun fikrincə, hökumət bununla Ermənistan
vətəndaşlarının təməl hüquqlarını pozur.
Qeyd olunub ki, Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin
olunması bu prosesi ləngidib. Belə ki, ötən ilin payızında
Ermənistan hökuməti Rusiya Xarici İşlər Nazirliyinə Arsenyanın
səfir təyin olunması barədə aqreman göndərib, lakin Rusiya tərəfi
bu təklifi rədd edib.
“Artıq dünən isə Kremlə yaxın bloqerlər Rusiyanın bir sıra
dövlət məmurlarının, o cümlədən, Arsenyanın ölkəyə girişini qadağan
etdiyinə dair məlumat yayıb”, – deyə nəşr yazıb.
Xatırladaq ki, Qurgen Arsenyan Ermənistan parlamentində bir sıra
anti-Rusiya bəyanatları ilə çıxış edib. Deputat Rusiya
rəhbərliyinin Ermənistana təhlükəsizliyini möhkəmləndirməkdə mane
olduğunu bildirib.





























