Advertisement

Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur – Mariya Zaxarova

Bakı. Trend:

Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşü
Rusiyada narahatlıq doğurur.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova özünün “Telegram” kanalında
yazıb.

“Vaşinqton, Brüssel və İrəvan guya heyrətlənirlər ki, aprelin
5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü niyə
çoxlarında “narahatlıq” doğurur. Bildirirlər ki, görüş hər hansı
üçüncü ölkəyə qarşı yönəlməyib. Bu cür tədbirlər Rusiyada
narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza
birbaşa deyirlər ki, onların əsas fəaliyyəti müstəsna olaraq
Rusiyaya qarşı yönəlib. Birbaşa, açıq mətnlə belə də deyirlər”, –
deyə o yazıb.

Zaxarova qeyd edib ki, bu cür görüşlər əksər region ölkələrində
narahatlıq doğurur, çünki Azərbaycan və Ermənistan arasında sülhə
nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi
Qafqazda daha da irəliləməsinə, orada yeni ayırıcı xətlərin
yaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyə
məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına,
regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcud
mexanizmlərin sarsılmasına yönəlib.

“Rəsmi İrəvanın niyə söhbətin nədən getdiyini anlamırmışcasına
davranması böyük sual doğurur. Axı bütün dünyanın gözü qarşısında
Ermənistanı kollektiv Qərbin erməni xalqının təməl maraqlarından
tamamilə fərqlənən son dərəcə təhlükəli planlarının reallaşdırılma
vasitəsinə çevirirlər”, – deyə Zaxarova yekunlaşdırıb.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin mətbuat katibi
Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari
tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların
qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini
müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə
Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli
ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi
dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)