Advertisement

Bu ilin üç ayında Avropada qazın qiyməti 17 faiz ucuzlaşıb

Bakı. Trend:

Avropada qazın qiyməti 2024-cü ilin yanvar-mart aylarında
təxminən 17 faiz ucuzlaşıb.

Trend xəbər verir ki, hazırda London ICE birjasında min kubmetr
qazın qiyməti 306 dollar təşkil edir.

Ucuzlaşma havaların isti keçməsi, anbarlarda qaz səviyyəsinin
yüksək olması və Avropa İttifaqında qaza tələbatın azalması ilə
izah olunur.

2023-cü il dekabrın 29-da qazın qiyməti min kubmetr üçün 367
dollar olduğu halda, martın 28-də 306 dollara enib. Bu göstərici
ilin əvvəli ilə müqayisədə 17 faiz aşağıdır.

Qeyd edək ki, Avropada min kubmetr qazın orta qiyməti dekabrda
təxminən 408 dollar, yanvarda 337 dollar, fevralda 288 dollar,
martda isə 302 dollar (38 faiz ucuz) olub.

Hazırda Aİ-nin yeraltı anbarlarında ilin bu dövrü üçün rekord
səviyyədə – 59 faiz qaz var. Avropa ölkələri qaz anbarlarını hələ
isitmə mövsümünün əvvəlinədək 99,63 faiz doldurmuşdu. Bundan başqa,
2024-cü ildə Avropa İttifaqının elektrik enerjisi istehsalında
külək generasiyasının payı da 2023-cü ilə nisbətən yüksəlib.