Advertisement

Mirzoyandan Ermənistanın NATO-ya üzvlük planları ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin hazırda
NATO-ya üzvlüyü planlaşdırmadığını bildirib.

Trend xəbər
verir ki, Mirzoyan bu barədə “Todo Noticias” portalında dərc olunan
müsahibəsində deyib.

O, Ermənistanın artıq NATO ilə əməkdaşlıq etdiyini və İttifaqa
üzvlüyün ölkənin gündəmində olmadığını açıqlayıb.

“Avropa İttifaqı ilə bağlı deyə bilərəm ki, ermənilər Avropaya
can atır və baş nazir Nikol Paşinyanın bu yaxında Avropa
Parlamentində çıxışında dediklərindən sitat gətirmək istərdim. Onun
sözlərinə görə, Ermənistan Aİ-yə onun mümkün hesab etdiyi və
Ermənistana yaxın olmaq istədiyi qədər yaxın olmağa hazırdır”, –
deyə Mirzoyan qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova aprelin 5-də Brüsseldə
yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşünün Rusiyada
narahatlıq doğurduğunu bildirib.

Zaxarova qeyd edib ki, bu cür görüşlər əksər region ölkələrində
narahatlıq doğurur, çünki Azərbaycan və Ermənistan arasında sülhə
nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi
Qafqazda daha da irəliləməsinə, orda yeni ayırıcı xətlərin
yaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyə
məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına,
regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcud
mexanizmlərin sarsılmasına yönəlib.