
Bakı. Trend:
Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət
nəzarətini sərtləşdirən qanun layihəsi üzərində işi başa
çatdırıb.
Trend xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi “Əcnəbi
vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya
Federasiyasına girişi və Rusiya Federasiyasından çıxışı, habelə
onların Rusiya Federasiyasının ərazisində qalması şərtləri və
yaşayış yeri haqqında” federal qanun layihəsini ölkə hökumətinə
təqdim edib.
Qanun layihəsi əcnəbi vətəndaşların Rusiya Federasiyasına girişi
və burada qalmasına nəzarətin müasir vasitə və üsullarından
istifadə etməklə həyata keçirilməsi üçün hüquqi bazanın
genişləndirilməsini nəzərdə tutur.
Qanun Rusiya ərazisinə daxil olarkən biometrik fərdi
eyniləşdirmənin tətbiqinin hüquqi əsaslarını, əcnəbilərin müvəqqəti
qalma müddətinin təqvim ilində 90 günə endirilməsini, əcnəbinin
rəqəmsal profilini, müəyyən kateqoriyalar üçün Rusiyada nəzarət
olunan qalma rejimini müəyyən edir, həmçinin əcnəbi vətəndaşların
işəgötürənlərinə, əcnəbi işçi qüvvəsini cəlb edən iş və ya
xidmətlərin müştərilərinə nəzarətin gücləndirilməsi, qanunsuz
miqrantların hüquqlarının məhkəmədənkənar məhdudlaşdırılması,
habelə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət
göstərən dövlət orqanlarının, təşkilatların, fiziki və hüquqi
şəxslərin qadağan edilməsi, habelə xarici vətəndaşların Rusiya
Federasiyasının ərazisində olmasını tənzimləməyə yönəlmiş digər
qərarları ehtiva edir.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi hesab edir ki,
miqrasiya sahəsində geniş əhatəli qanun layihəsi xarici
vətəndaşların müəyyən hüquqlarının məhdudlaşdırılması və onların
üzərinə əlavə öhdəliklərin qoyulması ilə bağlı tədbirlərin praktiki
həyata keçirilməsi üçün lazımi şərait yaradacaq.
Bütün dövlət orqanları, təşkilatlar və vətəndaşlar real vaxt
rejimində əcnəbilərin Rusiyada qalmasının qanuniliyinin elektron
təsdiqini almaq imkanı əldə edəcəklər. Bu təsdiq həmin vətəndaşlara
dövlət və kommersiya xidmətlərinin göstərilməsi üçün əsas
olacaq.
Xüsusən, müvəqqəti yaşayış hüququnun qanuniliyinin elektron
təsdiqi daşınmaz əmlaka hüquqların qeydiyyatı, nikah, uşaq
doğulması, ali məktəblərə, kolleclərə və məktəblərə qəbul üçün
zəruri olacaq.





























