
Bakı. Trend:
2023-cü ildə ABŞ-də müsəlmanlara və fələstinlilərə qarşı
ayrı-seçkilik halları və hücumlar rekord həddə çatıb. Bu ilin
sonunda İsrail-HƏMAS müharibəsinin qızışdığı bir vaxtda artan
islamofobiya və qərəzlilik səbəbindən bu neqativ tendensiya davam
edir.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyinin yaydığı
xəbərdə bildirilir.
Qeyd olunur ki, 2023-cü ildə müsəlmanlardan daxil olan
şikayətlərin sayı 8061-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 56
faiz artım deməkdir və Amerika-İslam Münasibətləri Şurasının (CAIR)
təxminən 30 il əvvəl qeydlərə başlamasından bəri ən yüksək
göstəricidir. Şura bildirib ki, bu hadisələrin təxminən 3600-ü ötən
ilin oktyabrından dekabr ayına qədər baş verib.
İnsan haqları müdafiəçiləri də Yaxın Şərqdə son münaqişənin
alovlanmasından sonra islamofobiyanın, anti-Fələstin çıxışlarının
və antisemitizmin qlobal miqyasda artdığını bildirirlər.
ABŞ-da baş verən insidentlər arasında ötən ilin oktyabr ayında
İllinoys ştatında 6 yaşlı fələstinli amerikalı Vade Əl-Fayumənin
ölümcül bıçaqlanması, noyabrda üç tələbənin güllələnməsi, bu ilin
fevralında Vermontda fələstinli amerikalının bıçaqlanması kimi
insidentlər var.
CAIR-nin hesabatında deyilir ki, 2022-ci ildə şikayətlərdə ilk
dəfə qeydə alınan illik azalmadan sonra 2023-cü ildə müsəlmanlara
qarşı nifrətinin güclənməsi müşahidə olunub. 2023-cü ilin ilk
doqquz ayında bu cür hadisələr ayda orta hesabla 500-ə yaxın olub,
son üç ayda isə təxminən 1200-ə çatıb.
Hesabatda deyilir: “Bu güclənən islamofobiya dalğasının əsas
səbəbi 2023-cü ilin oktyabrında İsrail və Fələstində zorakılığın
artması olub”.
CAIR bildirib ki, 2023-cü ildə ən çox şikayətlər immiqrasiya və
sığınacaq, məşğulluq ayrı-seçkiliyi, nifrət cinayətləri və təhsil
ayrı-seçkiliyi kateqoriyalarına aid olub.
Şura qeyd edib ki, bu hesabatı ictimai bəyanatlar və videolar,
habelə zənglər, e-poçtlar və onlayn şikayət sistemini nəzərdən
keçirərək tərtib edib, habelə mətbuatda insidentlərlə bağlı adı
çəkilən insanlarla əlaqə saxlayıb.





























