
Bakı. Trend:
Qərb ölkələri Ermənistanı Rusiya ilə qarşıdurmaya hazırlıq üçün
hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırır.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qərblilərin
səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir. Onlar Ermənistanı
hərbi-sənaye kompleksini maliyyələşdirməyə çağırırlar”, – o
deyib.
Zaxarovanın sözlərinə görə, NATO blokunun liderləri anti-Rusiya
isterikasını qızışdırır və Rusiya ilə hərbi münaqişəyə çağırır,
eləcə də, Avropanın özündə baş verən açıq-aşkar iqtisadi
problemlərin fonunda İrəvanı hərbi-sənaye kompleksinə böyük vəsait
yatırmağa vadar edir.
Qeyd edək ki, Ermənistan parlamenti Aİ ilə təşkilatın
Azərbaycanla sərhəddəki mülki müşahidə missiyasının statusu barədə
sazişi ratifikasiya edib. Saziş Aİ-nin Ermənistandakı missiyasının
fəaliyyətini tənzimləyir, eləcə də, missiyanın ölkə ərazisində
funksiyalarını müəyyən edir. Missiyanın üzvləri saxlanıla və ya
həbs oluna bilməz, şəxsi heyət qəbul edən ölkədə cinayət təqibindən
toxunulmazlığa malikdir. Həmçinin, Aİ müşahidəçilərinin obyektləri
də toxunulmazdır.
Bundan başqa, Aİ müşahidəçiləri gömrük prosedurlarından, viza və
miqrasiya tələblərindən azaddır. Onlar bütün ölkə ərazisində
sərbəst və məhdudiyyətsiz hərəkət etmək hüququ əldə edirlər.
Aİ-nin Ermənistanda monitorinq missiyası 2023-cü il yanvarın
23-də öz işinə başlayıb. Missiyanın əməkdaşlarının sayı əvvəlcə 100
nəfər olub. Dekabrın 11-də isə əməkdaşların sayını 209 nəfərə qədər
artırmaq barədə qərar qəbul olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























