
Bakı. Trend:
Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT)
tamhüquqlu üzvü olaraq qalmağa davam edir.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
“KTMT-yə üzv olan ölkələr arasında yalnız birinin gah KTMT-nin
ondan uzaqlaşdığı, gah özünün təşkilatdan çıxdığı, gah təşkilata
üzv olduğu, gah da üzvlüyünü dondurduğu barədə danışan bir ölkə
tanıyıram. Biz bunu yalnız İrəvandakı hakimiyyətdən eşidirik.
Məsələ burasındadır ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü
olaraq qalmağa davam edir. Həmçinin, KTMT nizamnaməsi, 2011-ci ildə
liderlər tərəfindən imzalanmış müvafiq protokola əsasən, KTMT-yə
üzv ölkələr öz ərazilərində üçüncü ölkələrin qoşun qrupları və
xarici infrastruktur obyektlərini yerləşdirmək barədə qərarı yalnız
birliyin digər üzv ölkələri ilə təcili məsləhətləşmələrdən sonra
qəbul edə bilər”, – o deyib.
Təşkilat çərçivəsində öhdəliklərin pozulmasının dövlətlər üçün
nəticələrinə gəlincə, Zaxarova onların da dəqiq qeyd olunduğunu
bildirib.
“Söhbət Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə bu dövlətin
KTMT orqanlarında fəliyyətinin dayandırılmasından gedə bilər, hətta
ölkə birlikdən çıxarıla da bilər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamenti Aİ ilə təşkilatın
Azərbaycanla sərhəddəki mülki müşahidə missiyasının statusu barədə
sazişi ratifikasiya edib. Saziş Aİ-nin Ermənistandakı missiyasının
fəaliyyətini tənzimləyir, eləcə də, missiyanın ölkə ərazisində
funksiyalarını müəyyən edir. Missiyanın üzvləri saxlanıla və ya
həbs oluna bilməz, şəxsi heyət qəbul edən ölkədə cinayət təqibindən
toxunulmazlığa malikdir. Həmçinin, Aİ müşahidəçilərinin obyektləri
də toxunulmazdır.
Bundan başqa, Aİ müşahidəçiləri gömrük prosedurlarından, viza və
miqrasiya tələblərindən azaddır. Onlar bütün ölkə ərazisində
sərbəst və məhdudiyyətsiz hərəkət etmək hüququ əldə edirlər.
Aİ-nin Ermənistanda monitorinq missiyası 2023-cü il yanvarın
23-də öz işinə başlayıb. Missiyanın əməkdaşlarının sayı əvvəlcə 100
nəfər olub. Dekabrın 11-də isə əməkdaşların sayını 209 nəfərə qədər
artırmaq barədə qərar qəbul olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























