
Bakı. Trend:
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan
Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə
bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi
Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.
Trend bu barədə İtaliyanın “Giornale Diplomatico” nəşrinə
istinadən xəbər verir.
Fransalı nazirin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə keçirdiyi
mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli
qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən
qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən
bəyanatı gərginliyi daha da artıra bilər.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29)
Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən
Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici
işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında
verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək
etmir. Fransanın naziri Sejurne sağlam düşüncəni rəhbər tutaraq
regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini
sarsıtmaması məqsədəuyğun və faydalı olardı”, – deyə E.Çirielli
bildirib.





























