
Bakı. Trend:
İsrail ABŞ prezidenti Co Baydenin çağırışından sonra Qəzza
zolağına humanitar yardımın çatdırılması üçün Erez
nəzarət-buraxılış məntəqəsinin müvəqqəti açılmasına razılıq
verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri
Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Co Bayden bildirib ki, ABŞ tərəfindən
İsrailə dəstək mülki əhalinin və humanitar təşkilat işçilərinin
müdafiəsi üzrə konkret tədbirlərdən asılı olacaq.
Beləliklə, Qəzza zolağının şimalında yerləşən və uzun illər
ərzində ərazidəki insanların giriş-çıxışı üçün yeganə sərnişin
terminalı olaraq fəaliyyət göstərən Erez məntəqəsi müvəqqəti
açılacaq.
Xatırladaq ki, bir neçə gün öncə Qəzza zolağında ac qalan mülki
əhalini qida ilə təmin edən “World Central Kitchen” humanitar
təşkilatının 7 könüllüsü hücum nəticəsində həlak olub. Təşkilatın
saytında dərc olunan məlumata əsasən, könüllülərin olduğu avtomobil
Qəzzanın mərkəzində Deyr əl-Bələh anbarından çıxarkən İsrail
Müdafiə Qüvvələri tərəfindən hədəflənmiş hücuma məruz qalıb.





























