
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın ABŞ və Aİ ilə
iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Trend xəbər
verir ki, Paşinyan bu barədə Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken və Avropa
İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali
nümayəndəsi Cozep Borrellə birgə brifinqdə deyib.
“Yeni bazarlara çıxış üçün Ermənistanın özəl sektorunun rəqabət
qabiliyyətini artırmaqda qətiyyətliyik. Bundan başqa, investisiya
mühitini yaxşılaşdıraraq, Avropa və ABŞ şirkətləri üçün daha
cəlbedici etməyə hazırıq.
Tərəfdaşlarımızın Ermənistanın keyfiyyətli infrastrukturunun
müasirləşdirilməsi, biznes şəbəkələrinin qurulması və ticarətdə
mümkün yardım sxemlərinin öyrənilməsində bizi dəstəkləyəcəyini
gözləyirik”, – o deyib.
Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat
katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari
tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların
qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini
müzakirə etmək üçün ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli
ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.
O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi
dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.





























