
Bakı. Trend:
87 yaşlı britaniyalı milyarder Coe Levis öz tanışlarına
ictimaiyyətə açıq şirkətlər haqqında qeyri-qanuni səhm tövsiyələri
edib, onların təxminən yarım milyon dollar pul qazanmağına imkan
yaradıb.
Trend xəbər verir ki, ABŞ-də keçirilən məhkəmədə Coe Levisin iki
il həbsi istənib.
Ancaq milyarderin səhhəti, yaşı nəzərə alınaraq və ittihamlarla
üzləşmək üçün Vaşinqtona gəlməsi səbəbindən ona həbs cəzası yerinə
beş milyon dollar cərimə kəsilib. Milyarderin şirkətlərindən biri
olan “Broad Bay Ltd” də 44 milyon dollar cərimələnib.
Baham adalarında yaşayan britaniyalı Coe Levis müxtəlif
korporativ şuralarda tutduğu mövqe sayəsində bəzi şirkətlər
haqqında məxfi məlumatlar əldə edib. O, daha sonra öz sevgilisinə,
dostlarına və şəxsi pilotlarından ikisinə həmin şirkətlərin
səhmlərini almağı tövsiyə edib. Onun ötürdüyü informasiya sayəsində
bu şəxslər yarım milyon dollar pul qazanıb.
Bloomberg agentliyinin milyarderlər indeksinə görə Coe Levisin
və ailəsinin sərvəti 7,2 milyard dollardır. Onun hazırkı sərvətinə
müxtəlif ölkədəki evlər, 90 milyon dollar dəyərində şəxsi
təyyarələr, 100 milyon dollarlıq sənət kolleksiyası, və 250 milyon
dollarlıq yaxta daxildir. O, dünyanın 500 ən zəngin adamından biri
kimi tanınır.





























