Advertisement

Honkonqda çoxmərtəbəli binada yanğın olub – Ölənlər və yaralananlar var (FOTO)

Bakı. Trend:

Çinin Honkonq xüsusi inzibati ərazisində 16 mərtəbəli yaşayış
binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər
xəsarət alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla
səhər saat 8 radələrində binanın birinci mərtəbəsindəki fitnes
zalında başlayıb.

Yanğın təxminən 2 saat yarımdan sonra söndürülsə də, qatı tüstü
mənzillərə dolub və tələfata səbəb olub. Ölənlərdən biri xilas
olmaq üçün yuxarı mərtəbələrdən tullanan şəxsdir. Bir neçə nəfər
ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas
etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri aparılır, 250 sakin təxliyə
edilib, təxminən 50 nəfər isə yanğınsöndürənlər gəlməzdən əvvəl
özləri binanı tərk edib.

Yanğının söndürülməsinə və axtarış-xilasetmə işlərinə 210-dan
çox canlı qüvvə cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi
bilinməsə də, polis yanğının qəsdən törədilməsi faktını istisna
etmir. Mənzillərin bəziləri hostel kimi fəaliyyət göstərdiyindən
binada gecələyənlərin dəqiq sayı məlum deyil.