Advertisement

Kreml ümid edir ki, Rusiya-Ermənistan münasibətlərdəki çətin məsələlər dialoq yolu ilə həll olunacaq – Peskov

Bakı. Trend:

Kreml ümid edir ki, Rusiya Federasiyası ilə Ermənistan arasında
münasibətlərdəki çətin məqamlar dialoq yolu ilə həllini
tapacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov bildirib.

“Tezliklə Rusiya və Ermənistan liderlərinin hər şeyi müzakirə
etmək imkanı olacaq, dialoqlar iş səviyyəsində gedir, bu da çox
vacibdir.

Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır, müttəfiqidir, Rusiya
Federasiyasının MDB, Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatı və
təbii ki, tarixi ikitərəfli münasibətlər kimi bir çox inteqrasiya
formatlarında birləşdiyi ölkədir”.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan
bildirib ki, Ermənistan Rusiya ilə mübahisə etmək istəmir, lakin
onunla münasibətlər transformasiya olunur.

Baş nazir parlamentdə bəyan edib ki, hazırda “tarixi
Ermənistan”la Rusiya arasındakı münasibətdən “əsl Ermənistan”la
Rusiya arasındakı münasibətlərə keçid baş verir.

“Bu, bəzən Ermənistandakı daxili transformasiya qədər ağrılı
olur. Amma bu transformasiyanı “müsbət hekayələrlə” doldurmaq üçün
hər şeyi etmək lazımdır. Ermənistan Rusiya ilə bu cür işə
hazırdır”, – deyə o əlavə edib.